Göyçaylı Şəhid ailələrinin üzvləri işğaldan azad edilmiş Talış-Suqovuşan ərazilərini ziyarət etdilər
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və rəhbərliyi altında Rəşadətli ordumuzun 44 günlük Vətən Müharibəsi zamanı həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində torpaqlarımız düşmən tapdağından azad olunaraq ərazi bütövlüyümüz təmin olundu.
Şanlı Vətən Müharibəsi zamanı aparılan hərbi əməliyyatlarda Göyçaylılar da döyüşərək fədakarlıq və qəhrəmanlıq nümayiş etdirmişlər. Şəhidlərimizin bir çoxu Suqovuşan və Talış istiqamətində aparılan döyüşlərdə şəhid olmuşlar. Şəhid valideynləri və ailə üzvləri Suqovuşan və Talış ərazilərini ziyarət etmələri üçün köməklik göstərilməsi barədə rayon İcra Hakimiyyətinə müraciət ünvanlamışlar.
Azərbaycan Respublikasının Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin yaxından dəstəyi və Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 24 iyun 2022-ci il tarixdə Şəhid ailələrinin üzvləri Suqovuşan - Talış ərazilərini ziyarət etdilər.