Göyçayda Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş “Bir gecənin faciəsi” adlı tədbir keçirilib
Fevralın 23-də rayon Mədəniyyət Mərkəzinin binasında Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş “Bir gecənin faciəsi” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova çıxış edərək Xocalı soyqırmının bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərdən biri olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsində Şanlı Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə bərabər Xocalı faciəsi qurbanlarının və doğma torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin qisasını aldılar. Şəhidlərimizin qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan təmizləndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Xocalı sakini Rizvan Hümbətov Xocalı soyqırımı və bu qanlı qırğının qurbanlarının xatirəsinin daim anılmasının vacib olduğunu qeyd edib.
Anım tədbiri rayon Mədəniyyət Mərkəzinin hazırladığı ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.