Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Xalq şairi Fikrət Qocanın vəfatının birinci ildönümü ilə əlaqədar “Fikrət Qoca: Şerimizin səssiz səsiyəm” adlı tədbir keçirildi

21 may 2022 | 09:57

20 may 2022-ci il tarixdə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi Fikrət Qocanın vəfatının birinci ildönümünə həsr olunmuş “Fikrət Qoca: Şerimizin səssiz səsiyəm” adlı tədbir keçirildi.

Göyçay rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Ağdaş Regional Mədəniyyət İdarəsi rəisi Səxavət Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, şairin ailə üzvləri, ölkənin və regionun tanınmış şair və yazıçıları, incəsənət xadimləri, Ağdaş, İsmayıllı, Bərdə Regional Mədəniyyət İdarələrinin rəhbərliyi və mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanı, Göyçaylı yazarlar Əli Kərim, İsgəndər Coşqun və Əli Səmədlinin məzarları, eləcə də “Əbədiyaşar Ədiblər” parkında şair və yazıçıların büstləri ziyarət edilib, əklil və gül dəstələri düzüblər.

Tədbiri giriş sözü ilə açan Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmməov Xalq şairi Fikrət Qocanın yaradıcılığı ilə əlaqədar Regional İdarə tərəfindən keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, yazıçılar birliyinin və şairin ailə üzvləri Fikrət Qocanın yaradıcılığı və həyatı haqqında söz açaraq öz xatirələrini bölüşüblər, Respublikanın Əməkdar artisti Ağalar Bayramovun ifasında şairin şerləri səsləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev qonaqları salamlayaraq qeyd etdi ki, bu gün respublikamızın mədəni həyatında  baş verən çox həyəcanlı və çox mühüm bir  tədbirin  iştirakçısıyıq. Bir il öncə may ayının 5-də Azərbaycanın xalq şairi Fikrət Qocanın vəfatı,  nəinki onun ailəsini, qələm dostlarını, eləcə də on minlərlə oxucusunu, o cümlədən Göyçaylıların da böyük sarsıntısına səbəb oldu. Fikrət Qocanın  rayonumuzda keçirilən mədəni-kütləvi tədbirlərdəki  iştirak və çıxışları hər bir göyçaylının xatirində iftixar və qürur hissi yaradan hadisə kimi qalmış, göyçaylılar uzun müddət həmin görüşlərin təəsüratlarını bir-biri ilə bölüşürdülər. 

Yaradıcı ziyalıların, ədəbiyyat həvəskarlarının sevimli guşəsi olan və bu gün toplaşdığımız “Əbədiyaşar Ədiblər” Kompleksinin açılışında Azərbaycan poeziyasının görkəmli nümayəndələri sırasında xalq şairi Fikrət Qocanın da iştirak etməsi  Göyçayda böyük bir poeziya bayramına çevrilmişdir. Bu tədbir təkcə rayonumuzun deyil,  ölkəmizin mədəni həyatında yadda qalan bir hadisə oldu.

Sonra tədbir iştirakçıları xalq şairi Rəsul Rzanın Göyçay şəhərində yerləşən ev muzeyini ziyarət etdilər.

Keçidlər