Göyçayda Vətən müharibəsi şəhidinin övladının ad günü qeyd olunub
Avqustun 5-də Göyçay rayonunun Yeniarx kəndindən olan 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Məmmədov Pərvin Rza oğlunun övladının ad günü yaşadığı evdə qeyd olunub.
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon Komitəsinin sədri Rəşad Məmmədov, Göyçay Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hikmət Süleymanov, aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qaraş İsmayılov və Yenirax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əhməd Məmmədov şəhidin övladının doğum gününü ailə üzvləri ilə birlikdə qeyd ediblər.
Səmimi söhbət zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Pərvin Məmmədovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.
Şəhidin ailə üzvləri Ləmanın ad gününün təbrik edilməsində göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.