Göyçayda “Varlı Qadın” və “Göyçək Fatma” adlı teatr tamaşaları nümayiş olunub
Fevralın 21-də Mingəçevir Dövlət Dram Teatrının aktyorlarının ifasında “Varlı Qadın” və Azərbaycan xalq nağılları motivləri əsasında səhnələşdirilmiş “Göyçək Fatma” nağıl tamaşası Göyçay rayon Mədəniyyət Mərkəzində nümayiş olunub.
Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin 1999-cu ildə yazdığı və indiyədək ölkəmizdə və xaricdə bir sıra teatrlarda tamaşaya qoyulmuş “Varlı qadın” pyesinin səhnə əsərinə Xalq artisti Valeh Kərimov quruluş verib və əsas qəhrəmanı – Sarı rolunu da özü oynayıb.
Ailə-məişət mövzusunda olan, eləcə də mənəvi məsələlərə toxunan, ailənin sevgi üzərində qurulmasının vacibliyi vurğulanan komediyada təsiredici və düşündürücü dramatik stiuasiyalar da əks olunub.
“Göyçək Fatma” nağıl tamaşası rayonun azyaşlı sakinlərinin böyük marağına səbəb olub.
Axşam saatlarında nümayiş olunan “Varlı Qadın” tamaşası isə rayon ictimaiyyəti tərəfindən alqışlarla qarşılanıb.