Göyçayda ümumtəhsil məktəblərinin 2, 5 və 6-cı sinif rəhbərləri ilə mülki müdafiə sahəsində tədbir keçirilib
Sentyabrın 3-də Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin, Göyçay Rayon İcra Hakimiyyəti və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun 2, 5 və 6-cı sinif rəhbərlərinin mülki müdafiəyə dair bilik və bacarıqlarını artırmaq məqsədilə tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin keçirilməsində əsas məqsəd müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydalarını bilmələrinə və praktik məşğələlər zamanı təhlükəsizlik qaydalarına əməl olunmasına yönəldilib. Müəllimlərə məktəblərdə mülki müdafiəyə həsr olunmuş konfrans, seminar, yığıncaq və açıq dərslərin keçirilməsi, sərgilərin təşkil olunması, şagirdlərə mülki müdafiə biliklərinin öyrədilməsi üzrə metodik tövsiyələr verilib.
Tədbir iştirakçılarına fövqəladə hallar zamanı məktəb və sinif miqyasında görülməli təxirəsalınmaz tədbirlər, müəllim heyətinin və şagirdlərin atmalı olduğu konkret addımlar, kollektiv mühafizə vasitələrindən istifadə, güclü zəhərli, radioaktiv, bioloji, bakterioloji maddələrlə zəhərlənərkən, infeksion xəstəliklər, habelə sınıq, yanıq və digər bədbəxt hadisələr zamanı özünə yardım və qarşılıqlı yardım göstərilməsi qaydaları barədə mühazirələr oxunub.
Sonda mövzu ətrafında müzakirə aparılıb və müəllim heyətinin sualları cavablandırılıb.






