Göyçayda ümumrayon Novruz bayramı tədbiri keçirildi
Martın 19-da xalqımızın milli varlığının və mədəni sərvətlərinin dolğun təcəssümü olan müqəddəs el bayramımız Novruzun gəlişi münasibətilə tədbir keçirilib.
Bayram tədbirində Göyçay Rayon İcra Hakimiyyətinin kollektivi, YAP Göyçay rayon təşkilatının sədri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, vətən müharibəsi əlilləri və iştirakçıları, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Uşaq Gənclər İnkişaf Mərkəzinin hazırladığı əl işlərindən və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirib.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova ölkə Prezidenti cənab İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbriki tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə qeyd olunub ki, Azərbaycan xalqının qədim tarixinin yadigarı və milli varlığının rəmzlərindən biri olan Novruz bayramı əcdadlarımızın bizlərə olan yadigarıdır. Bu il ilk dəfədir ki, bütöv Azərbaycan ərazisində Novruz sevinci yaşanır, qalib yurda bahar gəlir. Xatirəsini daim minnətdarlıqla andığımız şəhidlərimizin öz canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli torpaqlarımızda Novruz bayramı günlərində ölkə prezidenti cənab İlham Əliyevin qalib sərkərdə olaraq Novruz tonqalını alovlandırılması fonunda biz böyük Zəfərin, qalibiyyətin bir daha şahidi oluruq. Qarabağda bayram tonqallarının alovlandırması hər birimizi qürurlandırır.
Bayram tədbiri Uşaq Gənclər İnkişaf Mərkəzinin və Mədəniyyət Evinin hazırladığı maraqlı konsert proqramı və rəqsləri ilə davam edib.