Göyçayda sudan məişətdə və kənd təsərrüfatında qənaətlə istifadənin təmin edilməsi məqsədilə maarifləndirmə tədbiri keçirildi
12 may 2023-cü il tarixdə Göyçay Rayon İcra hakimiyyətinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə sudan məişətdə və kənd təsərrüfatında qənaətlə istifadənin təmin edilməsi məqsədilə maarifləndirmə tədbiri keçirildi.
Göyçay Rayon İcra hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə Göyçay Rayon İcra hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin məsləhətçisi Mikayıl Cabbarov, Dövlət Su Ehtiyatları Agentliyinin Elmi-Tədqiqat Layihə İnstitutunun Suvarma Sistemləri şöbəsinin müdiri Elman Rufullayev, Kənd Təsərrüfatı Nazirliyinin Bərdə Regional Aqrar Təlim Mərkəzinin baş məsləhətçisi Bayram Əliyev və rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 1986 nömrəli Sərəncamının icrasından irəli gələn vəzifələr barədə qarşılıqlı müzakirələr aparılıb.
Sonra qarşıdan gələn yay mövsümü ərzində su ehtiyatlarından səmərəli istifadəyə dair görülməsi nəzərdə tutulan işlərdən söhbət açılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.