Göyçayda su ehtiyatlarından səmərəli istifadənin təmin olunması və alternativ su mənbələrinin yaradılması ilə bağlı görüş keçirilib
2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq Göyçayda “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda maarifləndirici görüş keçirilib.
Görüşdə Göyçay Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial–iqtisadi inkişafin təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Mahir Məlikov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təhlükəsizlik fəaliyyətinin təhlili və qiymətləndirilməsi şöbəsinin sektor müdiri Mikayıl Cabbarov, Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları, kənd inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, su ehtiyyatlarından səmərəli istifadə, alternativ su mənbələrinin yaradılması günümüzün aktual məsələlərindən biridir. Ölkəmizdə əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi istiqamətində mühüm işlər görülməkdədir. Dövlət başçısının rəhbərliyi ilə son illərdə bununla bağlı ciddi layihələr reallaşdırılmışdır. Əhalinin içməli suya olan tələbatının ödənilməsi məsələsi Göyçay rayonunda da diqqətdə saxlanılır.
Qeyd olunub ki, Göyçay rayonunun su mənbələri çay və yeraltı su mənbələrindən ibarətdir. Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması məqsədi ilə rayon sakinləri ilə mütəmadi olaraq maarifləndirici söhbətlər aparılır.
Tədbirin sonunda Göyçay rayonunda alternativ su mənbələrinin yaradılmasının vacibliyi vurğulanıb, bununla bağlı bir sıra təkliflər səsləndirilərək, müzakirələr aparılıb.