Göyçayda şərabçılıq məhsulları istehsalı üzrə kooperasiyanın dəstəklənməsi məqsədilə maariflədirici tədbir keçirilib
Göyçay rayonunda üzüm, şərab və şərabçılıq məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr arasında əməkdaşlığın və kooperasiyanın genişləndirilməsinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirin məqsədi yerli istehsalçıların birgə fəaliyyətinin təşviqi, resursların səmərəli bölüşdürülməsi və məhsulların qablaşdırılması sahəsində əməkdaşlığın gücləndirilməsi olmuşdur.
Tədbirdə rayon ərazisində fəaliyyət göstərən “Aznar” QSC, “Göyçay-Şərab” və “Göyçay-Konyak” zavodlarının nümayəndələri iştirak etmiş, müəssisələr arasında qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin icrası istiqamətində müzakirələr aparılmışdır.
İstehsal olunan şərab və spirtli içki məhsullarının qablaşdırılması məqsədilə həm ölkə daxilində, həm də xarici müəssisələrlə müqavilələr bağlanmış, bu sahədə uzunmüddətli əməkdaşlıq üçün əsaslı addımlar atılmışdır. Müvafiq materialların təchizatı və qablaşdırma proseslərinin təkmilləşdirilməsi istiqamətində konkret planlar razılaşdırılmışdır.
Tədbir çərçivəsində iştirakçılar kooperativ yanaşmanın istehsalın həcminin artırılmasında və məhsul keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayacağını vurğulamış, bu istiqamətdə dövlət dəstəyi və regional təşəbbüslərin davam etdirilməsinin vacibliyini qeyd etmişlər.






