Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda selin törətdiyi fəsadlar aradan qaldırılır

30 avqust 2023 | 19:20

Avqustun 26-da güclü leysan yağışlarından sonra Göyçaya gələn selin törətdiyi fəsadlar aradan qaldırılır.

Sel səbəbindən rayonun 5 kəndində yararsız vəziyyətə düşən rabitə və elektrik naqilləri, dirəklər artıq bərpa olunub. Bəzi ərazilərdə isə qaz və su təsərrüfatının bərpası davam edir. Eyni zamanda, Aşağı Qaraməryəm kəndində selin dağıtdığı körpülərdən biri daxili imkanlar hesabına bərpa olunur. Beş kənd üzrə qaz, su, işıq xətləri, o cümlədən telefon dirəkləri ziyan çəkdi və bu ziyanın aradan qaldırılması üçün rayon icra hakimiyyəti tərəfindən komissiya yaradıldı.

Komissiya dəymiş ziyanı müəyyənləşdirib, bununla bağlı aidiyyəti qurumlara müraciət olunub. Kəndlərə dəymiş ziyanın aradan qaldırılması üçün işlərə başlanılıb. Bütün kəndlərdə işıq və telefon dirəkləri bərpa olunub. Həmçinin içməli suyun verilişi də tamamlanacaq. Bundan başqa, üç körpü uçub, artıq birində işlər yekunlaşmaq üzrədir.

Həmçinin respublika əhəmiyyətli Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 194-205 kilometrliyində rayonun Qaraməryəm kəndinin ərazisindən keçən hissəsində piyada və avtomobil körpüsünə dəymiş ziyan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən işlər aparılaraq ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa edilmişdir.

Qaraməryəm kəndi ərazisində keçmiş məcburi köçkün olan 25 ailənin qaldığı yerə gedib-gəlmək üçün istifadə olunan körpü də uçub. Körpüyə baxış keçirilib, qısa vaxt ərzində bərpa olunması üçün tədbirlər görülür.

Xatırladaq ki, bir neçə gün əvvəl yağan güclü yağışdan sonra yaranan sel suları Göyçayın Aşağı Qaraməryəm, Qaraməryəm, Yekəxana və Qarayazı kəndlərinin yollarına, elektrik və rabitə təsərrüfatına ziyan vurub. Evlər, otlaq sahələri və bir sıra iaşə obyektləri sel sularının, bir neçə avtomobil isə lil qatının altında qalıb.

Keçidlər