Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda şəhid polkovnik-leytenant Vidadi Xəlilovun üçüncü ildönümü qeyd olundu

31 oktyabr 2023 | 17:52

31 oktyabr 2023-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn polkovnik-leytenant Vidadi Xəlilovun üçüncü ildönümü mərasimində iştirak edib.

Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Müdafiə Nazirliyi “N” saylı hərbi hissəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Mərasimində şəhid Vidadi Xəlilovun qısa və mənalı ömür  yolundan danışılıb. Dövlətimiz tərəfindən şəhid polkovnik-leytenanta verilən təltiflərdən, ailəsinə göstərilən diqqət və qayğıdan söz açılıb.

Qeyd edilib ki, Vidadi Vaqif oğlu Xəlilov 1982-ci il iyulun 16-da Göyçayda ziyalı ailəsində doğulub. 1999-cu ildə Heydər Əliyev adına Azərbaycan ali hərbi məktəbinə yüksək nəticələrlə qəbul olunub. 2003-2004-cü illərdə Müdafiə Nazirliyinin təlim-tədris mərkəzində ixtisas kursu keçib. 2004-cü ildə Müdafiə Nazirliyinin əmrinə əsasən xidməti davam etdirmək üçün Azərbaycan Respublikasının Silahlı qüvvələrinin N saylı hərbi hissəsinə göndərilib. O, müxtəlif hərbi hissələrdə işini şərəf və ləyaqətlə yerinə yetirərək polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.

Polkovnik-leytenant Vidadi Xəlilov və əsgərləri İkinci Qarabağ müharibəsi döyüşlərində Füzuli, Murov, Qubadlı, Laçın istiqamətlərində hərbi əməliyyatlar apararaq həmin ərazilərin işğaldan azad edilməsinə nail olublar. O, 2020-ci il oktyabrın 30-da Laçın dəhlizində şəhidlik zirvəsinə yüksəlib. Doğma yurdu olan Göyçay şəhəri Şəhidlər xiyabanında dəfn edilib.

Bu gün Göyçayın ən abad küçələrindən biri şəhid polkovnik-leytenant Vidadi Xəlilovun adını daşıyır. Həmçinin şəhidin yaşadığı küçədə adına bulaq inşa edilmişdir.

Şəhid Vidadi Xəlilov Azərbaycan Respublikası Prezidentinin  sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.

 

Keçidlər