Göyçayda şəhid Kənan Siyaqif oğlu Qafarovun ad günü qeyd olundu
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Kənan Siyaqif oğlu Qafarovun ad günü Yalman kəndində şəhidin məzarı önündə qeyd olundu.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon idarəsinin rəisi, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin nümayəndələri, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak edirdilər.
Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Mərasimdə çıxış edənlər şəhid Kənan Qafarovun keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirmişlər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Sonda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Xatırladaq ki, şəhid Kənan Qafarov 06.08.1996-cı il tarixdə Göyçay rayonu Yalman kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətini bitirdikdən sonra 24.02.2017-ci il tarixdə N saylı hərbi hissədə Gizir vəzifəsində xidmətə başlamışdır. 08 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Azərbaycan Bayrağı ordeni”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.