Göyçayda şəhid Həsən Ağaisa oğlu Bayramovun ad günü qeyd olundu
İyunun 22-də Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Həsən Ağaisa oğlu Bayramovun ad günü şəhidin məzarı önündə qeyd olundu.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin nümayəndələri, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak edirdilər.
Göyçay şəhər Şəhidlər Xiyabanında şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuz, qəhrəman oğullarımız qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən işğalçılardan azad etdiyini qeyd etmişdir.
Mərasimdə çıxış edənlər şəhid Həsən Bayramovun keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirmişlər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Sonda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Xatırladaq ki, şəhid Həsən Ağaisa oğlu Bayramov 22.06.2001-ci il tarixdə Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində anadan olmuşdur. 03.07.2019-cu il tarixdə həqiqi hərbi xidmətə cağrılmışdır. 13 dekabr 2020-ci il tarixdə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.