Göyçayda şəhid Əli Seyran oğlu Eyvazovun ad günü qeyd olundu
Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Əli Seyran oğlu Eyvazovun ad günü şəhidin məzarı önündə qeyd olundu.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin nümayəndələri, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak edirdilər.
Şəhid Əli Eyvazova həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonra Göyçay şəhər Şəhidlər Xiyabanında şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuz qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən, işğalçılardan azad etdiyini qeyd etmişdir.
Mərasimdə çıxış edənlər şəhid Əli Seyran oğlu Eyvazovun keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirmişlər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Sonda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Xatırladaq ki, şəhid Əli Seyran oğlu Eyvazov 30.06.2001-ci il tarixdə Göyçay şəhərində anadan olmuşdur. 03.07.2019-cu il tarixdə həqiqi hərbi xidmətə cağrılmışdır. 14 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.