Göyçayda şəhid bulağının açılışı oldu
10 iyun 2022-ci il tarixdə Göyçay rayonunun Birinci Ərəbcəbirli kəndində birinci Qarabağ müharibəsi şəhidi Feyziyev Məzahir Məmmədkərim oğlunun adına inşa edilən bulağın açılışı olub.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının məsul şəxsləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.
Əvvəlcə Göyçay şəhər Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət olunaraq gül-çiçək dəstələri düzülüb və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev bulağın açılış tədbirində çıxış edərək bildirdi ki, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan, 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində parlaq qələbə çalaraq tarixi zəfərə imza atdı. İllər keçsə də, gələcək nəsillər şəhidlərimizi hər zaman böyük minnətdarlıqla yad edəcəklər.
Sonra şəhər 9 saylı tam orta məktəbinin şagirdləri hərbi-vətənpərvərlik mövzusunda şeirlər ifa edib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.