Göyçayda Şəfiqə Axundovanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Göyçay rayon Uşaq Musiqi Məktəbində əməkdar incəsənət xadimi, xalq artisti, şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəis müavini Qasım Qasımov, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Mədəniyyət işçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin sədri Nəriman Məlikov və Mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.
Tədbir bəstəkarın həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlanıb.
Sonra bəstəkarın yaradıcılığı haqqında geniş məlumat verilib. Məktəbin müəllim və şagird kollektivlərinin ifalarında Şəfiqə Axundovanın “Sənin nəğmən”, “Nə dedin”, “Könül təranələri”, “Lay-lay”, “Sevmək üçün gəlmişik”, “Nədən oldu”, “Gözlərimin işığı sənsən”, “Belə qəmli dayanma”, “Gözəl oğlan”, “Mehriban olaq” mahnıları səslənib.
Tədbirin sonunda bəstəkarın “Çinar və mən” mahnısına hazırlanmış kompozisiya nümayiş olunub.