Göyçayda şair Əli Kərimin xatirəsinə həsr edilmiş “Yolun düşsə bu dünyaya bir də gəl” adlı musiqili-bədii gecə keçirilib
Milli Mədəniyyətin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şair Əli Kərim yaradıcılığının təbliği” layihəsinin ikinci mərhələsi iyulun 15-də Göyçay rayonundakı Heydər Əliyev Mərkəzində “Yolun düşsə bu dünyaya bir də gəl” adlı musiqili-bədii gecənin təqdimatı keçirilib.
Tədbir iştirakçıları şair Əli Kərimin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.
Göyçay Rayon Heydər Əliyev Mərkəzində davam edən tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova çıxış edərək Bəxtiyar Vahabzadənin misralarını xatırlayaraq qeyd edib ki, Əli Kərimin şair ömrü onun ölümündən sonra başlanır. O, həm də gələcək zamanın şairidir. Bu fikir 55 ildir aktuallığını saxlayır və hər birimiz əminik ki, əsrlər sonra belə də olacaq.
Tədbirdə çıxış edən Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərovaya bu cür uğurlu layihələri həyata keçirdiyi üçün təşəkkürünü bildirib.
Sonra Göyçay rayonu Uşaq və Gənclərin İnkşaf Mərkəzinin Dram dərnəyinin üzvüləri Dəniz və Murad Aydınovlar Əli Kərimin şeirlərini səsləndirib, rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının ifasında şairin sözünə bəstələnmiş mahnılar dinlənilib.
Tədbirdə çıxış edən “Ədalət” qəzetinin redaktor müavini Məzahir Əhmədoğlu, “Göyçay” qəzetinin redaktoru Adil Məmməd, yazıçı, şair Aqil Kəngərli, rejissor-ssenarist Əhliman Qafarov Əli Kərim poeziyası barədə öz fikirlərini söyləyiblər. Xəzər Universitetinin müəllimi, tərcüməçi professor Firəngiz Nəsirova tərcümə etdiyi “İki sevgi” şeirini ingilis dilində sələndirib.
Tədbir zamanı göyçaylı rəssam Ehtiram Kərimovun çəkdiyi Əli Kərimin portreti şairin bacısı oğlu Vaqif Mehdiyevə hədiyyə olunub.
Sonda tədbirin hazırlanmasında yaxından kömək edənlərə Milli Mədəniyyətin Təbliği İctimai Birliyin fəxri fərmanları təqdim edilib.