Göyçayda “Narkomaniyaya qarşı mübarizə”, “Məişət zorakılığına son”, “Erkən və qohum nikahlarının fəsadları” mövzusunda tədbir keçirilib
Göyçay rayon Müskürlü kənd tam orta məktəbində “Narkomaniyaya qarşı mübarizə”, “Məişət zorakılığına son”, “Erkən və qohum nikahlarının fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Müqalib Abdıyev, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Göyçay Regional şöbəsinin əməkdaşı Əzim Rəfiyev, rayon icra hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Tofiq Əzizov iştirak ediblər.
Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə Müskürlü kənd tam orta məktəbin direktoru Cəmalə İsmayılova çıxış edərək insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran amillərdən söz açıb.
Narkomaniyaya qarşı mübarizə mövzusunda çıxış edən Göyçay RPŞ-nin rəisi polis polkovniki Müqalib Abdıyev narkomaniya ilə mübarizdə hər bir vətəndaşın fəallıq göstərməli olduğunu, yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqavimətin artırılmasının vacibliyini qeyd edib.
Rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşı Tofiq Əzizov erkən və qohum nikahlarının törətdiyi fəsadlar mövzusunda çıxış edib, həmçinin cəmiyyətimizdə bu gün də rast gəlinən məişət zorakılığı haqqında fikir və mülahizələrini tədbir iştirakçılarına çatdırıb.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Göyçay Regional şöbəsinin əməkdaşı Əzim Rəfiyev bildirdi ki, dini radikalizm dedikdə hər hansı bir dini etiqad çərçivəsində formalaşmış, sonradan isə həmin etiqadın təməl inancları ilə qarşılaşdırılaraq və onları tənqid atəşinə tutaraq ondan uzaqlaşmış ideologiya başa düşülür ki, gənclərlə bu mövzularda maarifləndirmə işləri mütəmadi olaraq aparılmalıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.