Göyçayda Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib
Aprelin 4-də Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Müqəddəs Ramazan ayı münasibətilə “Aysel” şadlıq evində iftar süfrəsi təşkil edilib
İftarda rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Göyçay rayon təşkilatının sədri, ağsaqqallar, din xadimləri, Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə əlilləri və iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə milli-mənəvi dəyərlərə göstərdikləri diqqət və qayğıdan, dini mərasimlərin keçirilməsinə yaradılan şəraitdən, bütün dünyaya nümunə olacaq tolerantlıq mühitindən, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına göstərilən qayğıdan bəhs edilib, həmçinin müqəddəs “Qurani-Kərim”dən ayələr səsləndirilib. Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub, respublikamızda dövlət-din münasibətlərinin daima multikultural dəyərlərə əsaslandığı qeyd edilib.
Bildirilib ki, ruzi-bərəkət, həmrəylik, dostluq, qardaşlıq, sevgi və mərhəmət ayı hesab olunan Ramazan digər müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da qeyd edilir.
İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb.