Göyçayda məskunlaşmış Xocalı sakinləri yaşadıqları evdə ziyarət olunmuşlar
Fevralın 23-də Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar rayon icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri Göyçayda məskunlaşmış Xocalı soyqırımı qurbanlarının ailə üzvləri ilə yaşadıqları evdə görüşmüşlər.
Görüş zamanı qeyd olunmuşdur ki, Azərbaycan hökuməti Xocalı faciəsi barədə həqiqətlərin dünya miqyasında tanınması və obyektiv qiymət alması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Artıq bir çox ölkələrdə bu istiqamətdə böyük nəticələr əldə olunub.
Xocalı faciəsi zamanı əsir düşmüş Cəlil Hümbətov əsirlikdə olduğu zaman erməni vəhşiliklərindən, olunan işgəncələrdən söz açmış və əsirlikdən azad olunmasında ölkə rəhbərliyinin böyük rolunu qeyd etmiş və ona göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirmişdir.
Şəhid ailəsi üzvlərindən Təranə Hüseynova və Məsumə Hümbətova tezliklə Xocalıda görüşmək arzularını ifadə edərək rayon rəhbərliyinə onlara göstərilən mənəvi dəstəyə görə öz təşəkkürlərini bildirmişlər.