Göyçayda “LC Waikiki” geyim mağazasının açılışı olub
22 aprel 2022-ci il tarixdə rayonda daha bir sahibkarlıq obyektinin – “LC Waikiki” geyim mağazasının rəsmi açılış tədbiri olub.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavinləri, ictimaiyyət nümayəndələri, mağazanın işçiləri, rayonda fəaliyyət göstərən sahibkarlar, rayon sakinləri iştirak ediblər.
Açılış mərasimində rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov çıxış edərək yeni mağazanın istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və mağazanın əməkdaşlarını səmimi qəlbdən təbrik edib. Qeyd etdi ki, Ölkə Prezidenti tərəfindən sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, özəl sahə sürətlə inkişaf edir. Bunu rayonda yaradılan yeni-yeni istehsal, ticarət, xidmət obyektlərinin, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin istifadəyə verilməsindən aydın şəkildə görmək olar.
Sonra mağazanın rəhbəri məlumat verərək bildirib ki, “LC Waikiki” geyim mağazasını rayon ərazisində açmaqla sakinlərə xidmət göstərmək, yeni iş yeri ilə təmin etmək, müştərilərin etimadını qazanmaq və onlara yüksək səviyyədə xidmət göstərməkdir.
Mağaza sahibi sonda sahibkarlara göstərilən diqqət və qayğıya, verilən dəstəyə görə ölkə başçısına və rayon rəhbərliyinə bir daha minnətdarlığını çatdırıb və açılış mərasimində iştirak edərək dəstək olan hər kəsə təşəkkürlərini bildirib.
Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları mağazada yaradılan şəraitlə, təqdim olunan məhsullarla tanış olublar.