Göyçayda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 may – Müstəqillik gününə həsr edilmiş “Dövlət müstəqilliyi haqqında Konstitusiya aktı” adlı tədbir keçirilib
26 may 2025-ci il tarixdə Göyçay Gənclər Evində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May – Müstəqillik Gününə həsr edilmiş “Dövlət müstəqilliyi haqqında Konstitusiya aktı” adlı dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzüblər.
Göyçay Gənclər Evində dəyirmi masa ətrafında davam edən tədbiri Göyçay Rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova giriş sözü ilə açaraq, müstəqilliyimiz, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib və Dövlət Himni səsləndirilib.
“Dövlət müstəqilliyi haqqında Konstitusiya aktı” mövzusunda məruzə ilə çıxış edən Z. Zeynalova qeyd edib ki, şanlı tariximizə qızıl hərflərlə yazılmış 28 May – Müstəqillik Günü xalqımız üçün müqəddəs gün olmaqla yanaşı, hər bir Azərbaycan vətəndaşının qürur günüdür. XIX əsrin əvvəllərində itirilmiş dövlət müstəqilliyini bərpa etmək arzusu ilə yaşayan Azərbaycan xalqı yüz il sonra tarixi fürsətdən məharətlə yararlandı. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirdi.
2021-ci il 15 oktyabr tarixində “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu Qanunla 28 May – Müstəqillik Günü, 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü elan edildi. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması, Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyası Göyçay Rayon Təşkilatının sədri Sahib Şükürov çıxışında qeyd edib ki, müstəqilliyə 107 il əvvəl qovuşmuş Azərbaycan Respublikası bu gün dünyanın inkişaf etmiş dövlətlərindəndir. Bunu Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərlik etdiyi, bu günkü Müstəqil Azərbaycan Respublikasının beynəlxalq nüfuzu, gücü və qüdrəti təsdiq edir.
Şükürov partiya sıralarına qəbul edilmiş gənclərə partiya vəsiqələrini təqdim edib. Daha sonra çıxış edən Göyçay Gənclər Evinin direktoru Fərid Əkbərov, Rayon İcra Hakimiyyəti başçısının Mırtı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Sahib Əsgərov, Göyçay Heydər Əliyev Mərkəzinin elmi işçisi Ülkər Abdullayeva müstəqilliyimizin əbədi, dönməz və sarsılmaz olmasını bir daha vurğulayıblar.
Sonda 28 May – Müstəqillik Gününə həsr edilmiş videoçarx və Gənclər Evinin hazırladığı vətənpərvərlik kompozisiyası nümayiş etdirilib.