Göyçayda “Himayədar ailə” mövzusunda maarifləndirmə tədbiri keçirilib
3 sentyabr 2026-cı il tarixində “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planına uyğun olaraq Göyçay rayonunda növbəti maarifləndirici görüş təşkil edilib.
Dövlət Proqramının “Himayədar ailə institutunun inkişafına hədəflənən tədbirlərin həyata keçirilməsi” bəndinin (8.5.2) icrası məqsədilə Göyçay rayonunun Qarabaqqal kənd sakinləri ilə görüş keçirilib.
Tədbir Sosial Xidmətlər Agentliyinin Mərkəzi Aran regional filialının mütəxəssislərinin iştirakı ilə birgə təşkil olunub.
Görüşün keçirilməsində əsas məqsəd valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrdə deyil, məhz ailə mühitində böyüməsi və inkişaf etməsi hüququnun təmin edilməsidir.
Tədbirdə sakinlərə himayədar ailə modelinin üstünlükləri, bu sahədə qanunvericiliyin tələbləri və dövlət tərəfindən yaradılan imkanlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, uşaqların sağlam və təhlükəsiz ailə mühitində böyüməsi üçün potensial himayədar ailələrin müəyyən edilməsi və bu istiqamətdə əhali arasında maarifləndirmə işlərinin aparılması mühüm əhəmiyyət kəsb edir.
Sonda kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb.






