Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi-seminar keçirilib

24 dekabr 2023 | 13:47

Dekabrın 22-də “Heydər Əliyev İli” çərçivəsində Mərkəzi Aran Regional Təhsil İdarəsi ilə Mingəçevir Dövlət Universiteti arasında 2023-cü il üzrə birgə imzalanmış Tədbirlər Planına uyğun olaraq Göyçayda Heydər Əliyev Mərkəzində “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi-seminar keçirilib.

Keçirilən tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov, struktur bölmənin rəhbər və əməkdaşları, şəhid ailələri, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və MDU-nun bir qrup professor-müəllim heyəti iştirak edib.

Tədbirdən öncə qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Sonra mərkəzdə təşkil olunan şagirdlərin rəsm-əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ulu öndər Heydər Əliyevin, vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Elmi-seminarı giriş sözləri ilə açan Göyçay RİH-nin başçısının müavini Zivər Zeynalova müasir və müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin istər ölkəyə 1969-1982-ci illərdəki hakimiyyəti dövründə, istərsə də müstəqillik qazanıldıqdan sonrakı dövrdə hər zaman təhsil sahəsinə xüsusilə diqqət etdiyini və bu sahədə gördüyü misilsiz xidmətlərindən danışıb. O, əbədiyaşar liderin ömrünü bütövlükdə doğma Azərbaycanın çiçəklənməsinə, mənsub olduğu xalqın inkişafına sərf etdiyini vurğulayıb.

Daha sonra MDU-nun rektoru, professor Şahin Bayramov və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (RTİ) müdiri Elçin Kərimov çıxış edərək 2023-cü ilin Azərbaycan Respublikasının tarixində ən əlamətdar bir il olaraq yaddaşlara həkk olunduğunu bildiriblər.

Qeyd edilib ki, ötən dövr ərzində Ümummilli liderin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dövləti Qarabağda tarixi ədaləti bərpa edərək öz suverenliyini tam təmin edib. Həmçinin Vətən müharibəsində Zəfərimizin əldə olunmasında məhz müəllimlərin, təhsil işçilərinin xüsusi payı olduğu vurğulanıb.

Çıxışlarda bildirilib ki, müəllim adını hər zaman uca tutan, uşaqların və gənclərin hərtərəfli inkişafını yüksək həssaslıqla diqqət mərkəzində saxlayan dahi şəxsiyyətin zəngin irsinin öyrənilməsi və təbliği təhsil müəssisələrinin ən mühüm və şərəfli vəzifələrindəndir.

Daha sonra MDU-nun professor-müəllim heyəti Heydər Əliyevin ana dilimizin inkişafında tarixi xidmətləri, milli-mənəvi dəyərlərimizin qorunması və Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir mövzularında elmi-mühazirələrlə çıxış edib, o cümlədən ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın qurulmasında göstərdiyi əvəzsiz xidmətlər, hakimiyyətə gəldiyi dövrlərdəki çətin siyasi vəziyyətlərdə uzaqgörənliklə mübarizə aparması, ölkənin hərtərəfli inkişafı və dünya dövlətləri arasında söz sahibinə çevrilməsinə zəmin yaratması və ˝Təhsil millətin gələcəyidir!˝ deyərək təhsilin inkişaf etdirilməsindəki müstəsna xidmətləri haqqında məlumat veriblər.

Sonra şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar səsləndirilib, dahi lider Heydər Əliyevin zəngin irsi və keçdiyi həyat yolundan bəhs edən videoçarxa baxış keçirilib.

Keçidlər