Göyçayda Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Şahmat turniri keçirildi
Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə 14 aprel 2023-cü il tarixdə Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Şahmat turniri keçirildi.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova qonaqları salamlayaraq ümummilli lider Heydər Əliyev tərəfindən həmişə idmanın inkişafına böyük diqqət ayrıldığını qeyd etmiş, ölkəmizdə şahmata olan maraqdan və şahmatçılarımızın beynəlxalq yarışlardakı uğurlarından, Azərbaycanın dünyada qabaqcıl şahmat ölkəsi kimi tanınmasından söhbət açmışdır.
Göyçay Şahmat Məktəbində keçirilən seçim mərhələsində Ucar, Ağdaş və Göyçayda yaşayan pensiya və sosial müavinət alan şəxslər iştirak edərək qruplara bölünmüş və dairəvi sistem üzrə turnir davam edərək qaliblər müəyyən edilmişdir.
Birinci yeri tutmuş iştirakçı respublikanın əməkdar müəllimi, “Tərəqqi” medallı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Ramiz Mikayılov final mərhələsinə vəsiqə qazanmışdır, qalib olan ikinci və üçüncü yerlərin sahibləri Mehdi Məmmədov və Famil Abdullayev diplomla təltif olunmuşlar.