Göyçayda “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda görüş keçirildi
22 fevral 2023-cü il tarixdə Göyçay şəhər 3 nömrəli tam orta məktəbdə Milli Məclisin deputatı Məzahir Əfəndiyev, rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, rayon Təhsil sektorunun müdiri Rauf Məmmədov, təhsil işçiləri və rayon ziyalılarının iştirakı ilə “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda görüş keçirildi.
Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, sonra ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Məzahir Əfəndiyev ilk növbədə Azərbaycan təhsilinin tarixindən söz açaraq hələ VII əsrdə təhsil sisteminin formalaşdığınından, sonrakı dövrlərdə Azərbaycanın bir çox şəhərlərinin təhsil, elm, mədəniyyət mərkəzi olaraq tanınmasından, Heydər Əliyevin Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda böyük məna yükü daşıyan şəxsiyyət olduğunu vurğulayıb və qeyd edib ki, ümummilli lider ömrünün 30 ildən çox hissəsini müasir Azərbaycan quruculuğuna həsr edib.
Bildirib ki, “Ulu Öndər Heydər Əliyevin milli təhsilin inkişafına göstərtdiyi qayğı və diqqət özünəməxsusluğu ilə seçilir. Belə ki, Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ bugünkü Azərbaycan elminin inkişaf dövrü kimi tanınır.
Görüşdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, rayon Təhsil sektorunun müdiri Rauf Məmmədov və təhsil işçiləri Aytəkin Muradova, Jalə Muradlı Ulu Öndər Heydər Əliyevin zəngin ömür yolundan və təhsil sisteminin inkişafında tarixi fəaliyyətindən söz açıblar.
Sonda xatirə şəkli çəkilib.