Göyçayda Heydər Əliyev ili ilə əlaqədar 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirildi
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının inzibati binasında Heydər Əliyev ili ilə əlaqədar 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirildi.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatları Məzahir Əfəndiyev və politoloq Elman Nəsirli, İqtisad elmləri doktoru-professor “Respublikanın əməkdar müəllimi” İrşad Kərimli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, vətən müharibəsi əlilləri və iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
YAP Göyçay rayon təşkilatının inzibati binasında davam edən tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov qeyd edib ki, 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı və dövlət əmlakının talan edilməsi adi hala çevrilmişdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi.
Sonra Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatları Məzahir Əfəndiyev və politoloq-professor Elman Nəsirli, İqtisad elmləri doktoru-professor, “Respublikanın əməkdar müəllimi” İrşad Kərimli, Göyçay rayon Ulaşlı Şıxlı kənd tam orta məktəbinin direktoru Aynur Mahmudova çıxış edərək Qurtuluş gününün Azərbaycanın tarixində dönüş nöqtəsi olduğunu qeyd ediblər.
Bildirilib ki, Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsi olduğu vurğulanıb.
Sonda ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Qurtuluş günü Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsdir” adlı videoçarx nümayiş olunub.