Göyçayda güclü leysan yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır
İyulun ayının 24-də axsam saatlarında başlayan güclü leysan yağışları zamanı Göyçay çayında və şəhərdaxili arxlarda sululuğun səviyyəsi artmış, rayon ərazisində elektrik enerjisinin və içməli suyun verilişində fasilələr yaranmış, eləcə də ağacların budaqları qırılmışdır.
Sel suları xüsusən şəhərin Heydər Əliyev prospektində yola çıxması nəticəsində lil və çöküntülər əmələ gətirərək nəqliyyatın hərəkətinə çətinlik yaratmışdır.
Rayon Fövqəladə Hallar Komissiyası və Şəhər Təsərrüfatı Birliyi tərəfindən ərazilərə baxış keçirilmiş, texnikalar cəlb edilərək selin yaratdığı lil və çöküntülərin aradan qaldırılması, həmçinin qırılmış ağac budaqlarının götürülməsi istiqamətində işlərə başlanılmışdır.
İldırım vurması nəticəsində şəhər ərazisində və kəndlərdə elektrik enerjisinin verilişində yaranmış fasilələrin aradan qaldırılması istiqamətində Göyçay Elektrik Şəbəkəsi tərəfindən transformatorların işlək vəziyyətə gətirilməsi üçün lazımi tədbirlər görülür. Göyçay şəhəri ərazisində içməli suyun təminatı ilə bağlı Göyçay Sukanal sahəsi tərəfindən işlər aparılır.