Göyçayda gənclərin karyeralarının inkişaf etdirmələri istiqamətində “LevelUP” karyera forumu keçirilib
Göyçay rayon Heydər Əliyev Mərkəzində gənclərin öz inkişaf yollarında mövcud imkanlardan necə faydalanmaları, öz karyeralarını inkişaf etdirmələri istiqamətində “LevelUP” karyera forumu keçirilib.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Dövlət Məşğulluq Agentliyi tabeliyində Göyçay Peşə Hazırlığı Mərkəzinin direktoru Arzu Paşayev çıxış ediblər.
İki paneldən ibarət olan forum "Şəxsi inkişaf" və "Karyera və biznes" mövzularını əhatə edib.
Forumun I panelində "Gənclərin inkişafı üçün ömürboyu öyrənmənin və yeni imkanların təhlili mərhələləri" mövzusu ilə Göyçay Peşə Hazırlığı Mərkəzinin müdir müavini Əzizağa Atakişiyev, "Region gənclərinin inkişafına dəstək" mövzusu ilə Göyçay Gənclər Evinin direktoru Fərid Əkbərov, "Könüllülükdən yüksəlişə" mövzusu ilə Kazım Məmmədov, "Gənclərin peşə hazırlığı və məşğulluq imkanlarının artırılması" üzrə isə Əziz Əzizov çıxış ediblər.
Forumun II panelində isə "Gənclərin karyera imkanları" mövzusu ilə Göyçay Gənclər və İdman sektorunun müdiri Təranə Nuriyeva, "Yerli bazarlarının təhlili və məşğulluğa dəstək layihəsi" mövzusu ilə Göyçay Peşə Hazırlığı Mərkəzinin böyük mütəxəssisi və Beynəlxalq Əmək Təşkilatının təlimçisi Adilə Əhmədova, "Qadın sahibkarlar üçün imkanlar" mövzusu ilə Göyçay Qadın Resurs Mərkəzinin direktoru Vüsalə Məmmədova, "Maliyyə institutlarının sahibkarlığa dəstəyi" mövzusunda isə "TuranBank" ASC-nin Göyçay filialının əməkdaşı Fərhad İsmayılov çıxış ediblər.
Forumda bir çox dövlət və özəl qurumların nümayəndələri, peşəkar təlimçilər, vətən müharibəsi iştirakçıları və qaziləri iştirak edib, mentorlar spiker qismində çıxış ediblər.
Panellərin sonunda gənclərin sualları cavablandırılıb.