Göyçayda çəltikçiliklə məşğul olan sahibkarlarla maarifləndirici tədbir keçirilib
Göyçay rayonu üzrə çəltikçilik sahəsində fəaliyyət göstərən sahibkarlar ölkə və beynəlxalq əhəmiyyətli sərgi, yarmarka və konfranslarda fəal iştirak edərək, qabaqcıl nailiyyətlərə imza atmaqdadırlar.
Çıxışlarda qeyd olunub ki, 2019-cu ildə çəltikçilik sahəsindəki xidmətlərinə görə Göyçay rayonundan olan fərdi sahibkarlardan biri 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub. Bu, rayonda kənd təsərrüfatının inkişafına və çəltikçiliyin təşviqinə verilən yüksək qiymətin bariz nümunəsidir.
2021-ci ildə Kiçik və Orta Biznesin İnkişafı (KOB) mərkəzlərinin dəstəyi ilə Göyçaylı sahibkarlar Lənkəran rayonuna səfər edərək çəltik sahələrində əkin prosesi və emal zavodunda istehsal mərhələləri ilə yaxından tanış olmuşlar. Bu təcrübə mübadiləsi çəltikçilik sahəsində innovasiyaların tətbiqi və məhsuldarlığın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Ötən ilin aprel və may aylarında da Göyçaylı sahibkarların fəallığı davam etmişdir. 24 aprel 2024-cü il tarixində Qəbələ şəhərində “ASAN xidmət” mərkəzində təşkil olunan Aqrar Biznes Festivalında, 08 may 2024-cü il tarixində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə İsmayıllı rayonunda və 07 aprel 2025-ci il tarixində Ağdaş rayonunda keçirilən Aqrar Biznes Festivalında fəal iştirak ediblər.
Bu tədbirlər çərçivəsində sahibkarlar yeni texnologiyalarla tanış olmuş, aqrar sektorda innovativ həllərin tətbiqi və təcrübə mübadiləsi imkanlarından yararlanmışlar.
Göyçayda çəltikçilik sahəsində atılan bu uğurlu addımlar aqrar sektorun davamlı inkişafına və ölkənin ərzaq təhlükəsizliyinə mühüm töhfələr verməkdədir.






