Göyçayda Böyük Vətən müharibəsi iştirakçısı ziyarət olunub
Mayın 9-da Göyçay Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Rayon Veteranlar Şurasının sədri, rayonun Yeniarx kəndində məskunlaşmış Füzuli rayon sakini, Böyük Vətən müharibəsi iştirakçısı və əlili Rəşid Qasımovu faşizm üzərində tarixi Qələbənin 80-ci ildönümü münasibətilə evində ziyarət ediblər.
Görüş zamanı Rəşid Qasımovu tarixi qələbə münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıblar. Qəhrəman veteran görüşdə Böyük Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüb, gələn qonaqlara göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.
Ziyarət zamanı çıxış edənlər bildiriblər ki, ikinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqı misilsiz xidmətlər - ön və arxa cəbhədə qəhrəmanlıq və şücaət göstərmişdir. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Böyük Vətən Müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər görülür.