Göyçayda Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun xatirəsinə həsr edilmiş tədbir keçirilib
Göyçay Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, uşaqlıq dostları, döyüş yoldaşları, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Yuri Kovalyovun şəhidlik zirvəsinə ucalmasından 35 il sonra doğulub boya-başa çatdığı doğma Göyçay rayonunda onun ailə üzvləri, dostları və döyüş yoldaşları ilə birlikdə əziz xatirəsinin anılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Rayon rəhbəri Milli Qəhrəmanın qızları Regina və Yuliyanın, qardaşı Vitalinin Yuranın xatirəsini yaşatmaqlarının əsl vətənpərvərlik nümunəsi olduğunu qeyd edib. O.Mürsəlov qəlbində vətən sevgisi olan hər kəsin qəhrəmanlarımızın əziz xatirəsini yaşatmağa və onların şərəfli həyat yolunu təbliğ etməyə borclu olduğunu vurğulayıb.
Tədbirdə Milli Qəhrəmanın uşaqlıq dostları və döyüş yoldaşları da çıxış edərək, Yuri Kovalyovla bağlı ən səmimi və xoş xatirələrini bölüşüblər.
İctimai Televiziya və Radio Yayımları Şirkətindən çəkiliş qrupunun rəhbəri Əlövsət Sadıqov Yuri Kovalyov haqqında çəkilmiş “Kəşfiyyatçı Yura” adlı film barədə məlumat verib.
Milli Qəhrəmanın qızı Regina və qardaşı Vitali tədbirin təşkilinə görə təşəkkür edib, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqətə, qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Uca Tanrıdan şəhidlərimizə rəhmət, ailələrinə güc və səbr diləyirik!






