Göyçayda “Aqroturizm və Sosial sahibkarlıq” festivalı keçirilib
24 iyun 2023-cü il tarixində Göyçayda “GöyçayFest” adlı “Aqroturizm və Sosial sahibkarlıq” festivalı keçirilib.
Festival Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondununun dəstəyi ilə “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Region gənclərinin məşğulluğu üçün Aqroturizmin təşviqi” layihəsi çərçivəsində baş tutub.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədrinin müavini Cəmaləddin Quliyev, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının rəhbərinin müavini Bariz Mehdiyev, Kənd Təsərrüfatı Nazirliyinin, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin əməkdaşları, Education Hub-ın proqram meneceri Gülnarə İsmayılova, Göyçay İnkişaf İctimai Birliyinin sədri Əzizağa Atakişiyev, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Göyçay Dayaq Məntəqəsində təşkil olunan festivalda kənd təsərrüfatı, ictimai iaşə və aqroturizm istiqamətində maraqlı subyektlərin sərgiləri təşkil olunub, aqroturizm istiqamətində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin məhsulları nümayiş etdirilib.
Festivalın keçirilməsində məqsəd rayonda aqroturizm, sosial sahibkarlığın inkişafına dəstək olmaq, yerli sahibkarların aqroturizmə marağını artırmaq, aqroturizm idarəetmə təcrübəsini təşviq etməklə əhalinin məşğulluq imkanlarını genişləndirmək, peşə mərkəzi müdavimləri, gənclər üçün əlavə gəlir gətirən, həmçinin iqtisadi dayanıqlılığı özündə birləşdirən turizm növlərini inkişaf etdirməkdir.