Göyçayda ali məktəblərə yüksək nəticələrlə qəbul edilmiş tələbələrlə görüş keçirilib
29 avqust 2024-cü il tarixdə Göyçayda ali məktəblərə yüksək nəticələrlə qəbul edilmiş tələbələrlə görüş keçirilib.
Görüş iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi qarşısına gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Sonra Göyçay rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyəti ilə tanış olublar.
Dyirmi masa arxasında davam edən tədbirdə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısının müavini Zivər Zeynalova açaraq orta məktəbi müvəffəqiyyətlə başa vuraraq qəbul imtahanlarında yüksək nəticələrlə uğur qazanan tələbələri təbrik edib və hər birinə uğurlar arzu edib. Bildirib ki, bu il 384 nəfər məzun tələbə adına layiq görülüb, onlardan 29-u 600-dən yuxarı 86-sı isə 500-dən yuxarı nəticə əldə edib.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək tələbələri əldə etdikləri böyük uğur - yüksək nəticələrlə tələbə adına layiq görülmələri münasibətilə təbrik edib və nailiyyətlərinin davamlı olmasını arzulayıb. Gənclərin biliyə olan həvəsi, vətənpərvər ruhda böyüməsinin əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edib ki, bu il tələbə adına layiq görülənlər ilk dəfədir ki, bütöv, ərazisi işğaldan tam azad olunmuş Azərbaycanda təhsil alacaqlar.
Rayon rəhbəri tələbələrə Şuşada və Qarabağda aparılan böyük quruculuq işlərində gələcəkdə iştirak etmələrini, ali məktəbi bitirdikdən sonra dövlətə və dövlətçiliyə sədaqətlə xidmət etmək üçün dövlət qulluğunda səmərəli fəaliyyət göstərmələrini arzu edib.
Şəhid atası Akif Kərimov, rayon Təhsil sektorunun müdiri Rauf Məmmədov, Dövlət İmtahan Mərkəzi Göyçay Regional Bölməsinin müdiri Elnur Qədirov, rayon üzrə ən yüksək nəticə 692 bal toplayan tələbə Əkrəm Xəlilzadə, 690 bal nəticə ilə Azərbaycan Tibb Universitetinə qəbul olan Maarif Eyvazov, 606 keçid balı ilə Qarabağ Universitetinə qəbul olan Məhəmməd Cəbiyev, qürur yerimiz şəhid polkovnik Babək Səmidlinin övladı, Xəzər Universitetinin tələbəsi Mətləb Səmidli, ABŞ-da Çikaqo Universitetinin İctimai-siyasət fakultəsinin magistrı Qarakişi Quluzadə, Valideyn, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə 660 balla qəbul olunmuş Paşa Sultanlının anası Səbinə Sultanlı tədbirin təşkilinə və tələbələrə göstərilən diqqət görə rayon icra hakimiyyətinə öz təşəkkürlərini bildiriblər.
Sonda tələbələrə hədiyyələr təqdim edilib və xatirə şəkili çəkilib.