Göyçayda Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr edilmiş konfrans keçirilib
14 aprel 2023-cü il tarixdə Göyçay rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Sahib Şükürov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon şöbəsinin sədri Atəş Salahov, Respublika Psixologiya Mərkəzinin klinik psixoloqu Nural Ayxan, rayonda fəaliyyət göstərən ictimai təşkilatların, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova tədbiri giriş sözü ilə açaraq bildirdi ki, bu ilin xalqımız, ölkəmiz üçün əlamətdar bir il olduğunu həm ölkə başçısı İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan olunduğunu, həm də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinin qeyd olunmasıdır.
Z.Zeynalova qeyd etdi ki, Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Onun Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyə gəlməzdir.
Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxşaxəlidir ki, onun həyat yoluna və fəaliyyətinə nəzər salarkən bu, dahi insanın böyük şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
Digər çıxış edən natiqlər Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın həyat və fəaliyyəti haqqında ətraflı məlumat verərək onun nurlu xatirəsi qəlbimizdə əbədi olaraq yaşayacağını bildirmişlər.
Sonda Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş qısa videoçarx nümayiş olunmuşdur.