Göyçayda “8 Mart - Beynəlxalq Qadınlar günü” münasibətilə tədbir keçirilib
Göyçay Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasının akt zalında “8 Mart - Beynəlxalq Qadınlar günü” münasibətilə tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, şəhid anaları və şəhidlərin həyat yoldaşları, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan qadınlar iştirak ediblər.
Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə qadınları təbrik etmiş və qeyd etmişdir ki, Azərbaycan qadını həmişə öz iradəsi və mərdliyi, sədaqəti, milli-mənəvi dəyərlərimizə bağlılığı ilə cəmiyyətimizin həyatında, Azərbaycan dövlətçiliyinin güclənməsində mühüm rol oynayıb. Bugün cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artırılmasına yönəlik siyasət uğurla həyata keçirilir.
Ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir. Azərbaycan qadını parlaq Qələbə sevincini yaşamağımız naminə var qüvvəsini səfərbər edən Anadır. 44 günlük Vətən müharibəsində, daha sonra isə lokal xarakterli antiterror tədbirləri zamanı böyük rəşadət göstərən və xalqımızın mübarizlik rəmzinə dönərək ümidlərini tam doğruldan vətənpərvər gənc nəsil Azərbaycan anasının müasir dövlətçiliyimizə verdiyi ən dəyərli töhfəsidir.
Rayonun ictimai-siyasi həyatında fəal olan bir qrup rayon icra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilib.
Tədbir rayon Mədəniyyət mərkəzinin hazırladığı bədii proqramla davam edib.