Göyçayda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü şəhid Elnur Əliyevin evində qeyd olunub
Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə sertifikatlaşdırma prosesində yüksək nəticə göstərmiş müəllimlər, uzun illər pedaqoji fəaliyyətlə məşğul olan şəhid anaları Tahirə Əliyeva və Məhluqə Ömərova, həmçinin şəhid Zamiq Əhmədovun həyat yoldaşı Çinarə Əhmədova iştirak ediblər.
İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov təhsilin hər bir xalqın taleyində həlledici rol oynadığını bildirərək, məhz bilikli və milli-mənəvi dəyərlərə sadiq gənclərin ölkəmizin parlaq gələcəyini təmin edən əsas qüvvə olduğunu vurğulayıb. Başçı qeyd edib ki, bu şərəfli missiyanın böyük hissəsi müəllimlərin üzərinə düşür, çünki müəllimlik təkcə elm öyrətmək deyil, həm də şəxsiyyət formalaşdırmaqdır. O, ömrünün 44 ilini təhsilə, övladını isə vətənə fəda edən şəhid Elnur Əliyevin anası, fədakar müəllim Tahirə Əliyevanın fəaliyyətinin hər bir Azərbaycan müəllimi üçün örnək olduğunu xüsusi diqqətə çatdırıb. Rayon rəhbəri təhsil işçilərinə möhkəm cansağlığı və uğurlar arzulayıb.
Uzun illər təhsil sahəsində çalışmış Tahirə Əliyeva bu tədbirin şəhidin evində təşkil olunmasının böyük mənəvi əhəmiyyət kəsb etdiyini bildirib. O, bu addımın Azərbaycan dövlətinin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həm şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğının, həm də müəllim əməyinə verdiyi ali dəyərin bariz nümunəsi olduğunu vurğulayaraq dərin təşəkkürünü ifadə edib.
Şəhid Kənan Ömərlinin anası, pedaqoq Məhluqə Ömərova, şəhidin həyat yoldaşı Çinarə Əhmədova, həmçinin yüksək nəticə göstərmiş digər müəllimlər də çıxış edərək onlara göstərilən diqqətə görə təşəkkürlərini ifadə ediblər. Fəaliyyətlərində fərqlənən müəllimlərə Fəxri Fərman və hədiyyələr təqdim olunub.
Beynəlxalq Müəllimlər Günü münasibətilə əziz və fədakar müəllimlərimizi ürəkdən təbrik edir, uğurlar arzulayırıq!






