Göyçayda 5 iyun - Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü qeyd olundu
Göyçay rayonunda 5 iyun - Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Göyçay Suvarma Sistemləri İdarəsinin rəisi Orxan Mahmudov, “Birləşmiş Sukanal” MMC-nin Göyçay Sukanal Sahəsinin rəisi Soltan Mahmudov və kollektivlərin əməkdaşları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Göyçay Suvarma Sistemləri İdarəsinin inzibati binasında keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək 5 iyun-Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü münasibəti ilə su təsərrüfatı işçilərini təbrik edərək onlara gələcək işlərində uğurlar arzulayıb. Bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatındakı rolunu nəzərə alaraq 5 iyun gününün “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni Sərəncam imzalamışdır. Ölkədə su təsərrüfatı sisteminin idarə olunmasının daha da təkmilləşdirilməsi məqsədi ilə Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması haqqında 2023-cü il 30 mart tarixli Fərmanının imzalanması bu sahədə görülən işləri daha da sürətləndirəcəkdir.
Tədbirdə çıxış edənlər dövlət tərəfindən su təsərrüfatı və meliorasiya işçilərinə göstərilən diqqət və qayğıdan minnətdarlıqla söhbət açaraq, Heydər Əliyev ideyalarının dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanıldığını, əhalinin içməli su təchizatı və əkin sahələrinin suvarma xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə genişmiqyaslı işlər görüldüyünü qeyd ediblər.
Əmək fəaliyyətində fərqlənənlər peşə bayramı münasibətilə fəxri fərmanla təltif ediliblər.