Göyçayda 44 günlük Vətən müharibəsində şəhid olanların dördüncü ildönümü qeyd edilib
19 oktyabr 2024-cü il tarixdə Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Əliyev Elnur Ərəstun oğlunun ildönümü Göyçay şəhər Şəhidlər Xiyabanında və Hüseynov İlham Umud oğlunun ildönümü Qarayazı kəndində məzarları önündə qeyd edilib.
Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, aparatın məsul əməkdaşları, YAP Göyçay rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Şəhidlərin ildönümü mərasimlərində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhidlərin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər.
Şəhidin ailə üzvləri tədbir iştirakçılarına öz minnətdarlığını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü çatdırıb.
Anım tədbirinin sonunda orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Xatırladaq ki, Şəhid Əliyev Elnur Ərəstun oğlu 10.02.2000-ci il tarixdə Göyçay rayonunun Potu kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətini bitirdikdən sonra 13.04.2020-ci il tarixdə N saylı hərbi hissədə Gizir vəzifəsində xidmətə başlamışdır. 19 oktyabr 2020-ci il tarixdə Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Ali Baş Komandanının sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhid Hüseynov İlham Umud oğlu 08.09.2000-ci il tarixdə Göyçay rayonunun Qarayazı kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmiş, 19 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.