Göyçayda 31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə şəhid və qazi övladları, sağlamlıq imkanları məhdud uşaqlarla şənlik keçirilib
Dekabrın 27-də Göyçay rayon Mədəniyyət Mərkəzində 31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni 2024-cü il münasibətilə şəhid və qazi övladları, sağlamlıq imkanları məhdud uşaqlarla şənlik təşkil olunub.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi İdarəsinin nümayəndələri, Göyçay Gənclər Evinin direktoru Fərid Əkbərov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova çıxış edərək tədbir iştirakçılarını yeni il və dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə təbrik edib və dünya azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətini, həmvətənlərimizin birliyini, o cümlədən ölkəmizin son illər ərzində əldə etdiyi uğurları diqqətə çatdırıb.
Z.Zeynalova bildirib ki, Azərbaycan dövləti, Prezident cənab İlham Əliyev, Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən uşaqların xoşbəxt və firavan yaşaması, əsl vətəndaş kimi yetişmələri üçün lazım olan hər bir şərait təmin edilir. Azərbaycanın Vətən müharibəsini böyük qələbə ilə bitirdiyini və hazırda işğaldan azad olunan torpaqlarımızda genişmiqyaslı quruculuq işlərinin aparıldığını qeyd edib.
Tədbir çərçivəsində uşaqlar üçün bədii-əyləncəli proqram təşkil olunub, uşaqların hazırladıqları kompozisiyalar, rəqs nümunələri nümayiş etdirilib. Uşaqlara hədiyyələr və bayram sovqatları təqdim edilib.