Göyçayda 28 May-Müstəqillik Günü qeyd edilib
28 May-Müstəqillik Günü münasibətilə Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, aparatın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Göyçay rayon təşkilatının sədri və rayon ictimaiyyətinin nümayəndələri şəhərin mərkəzində ucaldılmış Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötür. 1918-ci il mayın 28-də Azərbaycan xalqı tarixinin ən şanlı səhifələrindən birini yazdı – Şərqdə və müsəlman dünyasında ilk dəfə olaraq hüquqi, demokratik, dünyəvi parlament respublikası Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Bu möhtəşəm tarixi hadisə xalqımızın dövlətçilik iradəsinin, milli mənlik şüurunun məntiqi nəticəsi idi. Mayın 28-də Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tariximizin şanlı səhifələrindən olmaqla yanaşı, xalqımızın milli azadlıq mücadiləsinin təntənəsi olaraq müasir dövlətçilik tariximizə mühüm hadisə kimi daxil oldu. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın tarixində mühüm dönüş nöqtəsi oldu. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Eyni zamanda olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edilmişdir.
Bu günkü müstəqil dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun yaratmış olduğu demokratik ənənələri davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, islahatlar uğurla həyata keçirilir.
Bu gün qürurla deyə bilərik ki, Azərbaycan Xalq Cümhuriyyətinin təməlini qoyduğu ideyalar - xalq hakimiyyəti, hüquqi dövlət, demokratik idarəçilik prinsipləri müasir Azərbaycanın reallıqlarıdır. 28 May tarixi təkcə tarixi hadisə deyil, dövlətçilik ruhunun, milli birliyin və vətən sevgisinin bayramıdır. Azərbaycan xalqı öz tarixinin bu parlaq səhifəsini unutmur və daim bu dəyərlərin keşiyində dayanacaq.