Göyçayda 28 May-Müstəqillik Günü qeyd edilib
28 May-Müstəqillik Günü münasibətilə Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, aparatın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Göyçay rayon təşkilatının sədri və rayon ictimaiyyətinin nümayəndələri şəhərin mərkəzində ucaldılmış Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması tariximizin şanlı səhifələrindən olmaqla yanaşı, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi olaraq müasir dövlətçilik tariximizə mühüm hadisə kimi daxil oldu.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik dövlət qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cumhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş torpaqlarımızda, doğma Qarabağımızda, azad Şuşamızda dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.