Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “27 sentyabr – Anım günü” qeyd edildi

27 sentyabr 2024 | 16:05

“27 sentyabr – Anım günü” ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı, rəhbər şəxslər, şəhid ailələrinin üzvləri, vətən müharibəsi əlilləri və rayon ictimaiyyətinin nümayəndələri Göyçay şəhər Şəhidlər Xiyabanında olmuş, şəhidlərin məzarlarına gül dəstələri düzərək, xatirələrini ehtiramla yad etmişlər.

Azərbaycan Respublikasının dövlət himni səslənib və tədbir açıq elan edilib.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək bildirib ki, 27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatdan qurtarmaq, iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün, milli ruhumuzun, milli həmrəylimizin öz sözünü dediyi şərəfli bir tarixdir.

N.Ağayev qeyd edib ki, 27 sentyabr respublikamızın bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə Anım mərasimləri keçirilir, xalqımız vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini qürurla yad edir.

Ünvanı əbədiyyət olan şəhidlik zirvəsinə ucalmış vətən oğullarının valideynləri adından çıxış edən şəhid Orxan Kərimlinin atası Akif Kərimov Qarabağ müharibəsində böyük şücaət göstərərək şəhadət zirvəsinə yüksələn qəhrəmanlarımızın Anım gününün sonsuz qürur və fəxarət hissi ilə qeyd edildiyini bildirib.

Milli Məclisin deputatı Sabir Hacıyev çıxışında  Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Gününün əhəmiyyətindən bəhs edərək bugünün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğunu diqqətə çatdırmışdır.  

Rayon ziyalıları adından çıxış edən respublikanın Əməkdar müəllimi Pərviz Yəhyalı və Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi Nərmin Abışova 2020-ci ilin 44 günlük Vətən müharibəsi və onun davamı olaraq 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün sərhədlərində şanlı üçrəngli bayrağımızın qürurla dalğalandığını və Müzəffər Ali Baş Komandan İlham Əliyevin 20 sentyabr-Azərbaycanda Dövlət Suverenliyi Gününün təsis edilməsi ilə bağlı Sərəncamının tarixi önəm kəsb etdiyini bildiriblər.

Sonra Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş edilib.

 

Saat 12:00-da Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

“27 sentyabr – Anım günü” ilə əlaqədar rayon rəhbərliyi və şəhid ailələrinin üzvləri ağacəkmə kompaniyasında iştirak edib.

 

#QarabağAzərbaycandır

#KarabakhisAzerbaijan

#AnımGünü

#27Sentyabr2020

#27SentyabrAnımGünü

 

Şəhidlər Ölməz!

Vətən Var Olsun!

Qəhrəmanlar unudulmur!

Sənə can qurban, Azərbaycan!

Şəhidlərimizə ehtiramla!

Keçidlər