Göyçayda 23 iyun - Dövlət qulluqçularının peşə bayramı günü qeyd edildi
Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, RİH başçısının şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, rayonda dövlət qulluğunda çalışan şəxslər Ulu Öndər Heydər Əliyevin Göyçay şəhərində ucalmış abidəsinin önünə gül dəstələri düzərək, xatirəsini hörmət və ehtiramla yad ediblər.
Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.
Bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.