Göyçayda “2 İyul - Azərbaycan Polisi Günü” qeyd olundu
Azərbaycan polisinin yaranmasının 106 illiyi və “2 İyul - Azərbaycan Polisi Günü” münasibəti ilə Göyçay rayon Polis şöbəsində tədbir keçirilib.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Polis şöbəsinin şəxsi heyəti və veteranları iştirak ediblər.
Göyçay rayon Polis şöbəsinin əməkdaşları əvvəlcə şəhər mərkəzində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Göyçay rayon Polis şöbəsinin inzibati binasında davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək polis əməkdaşlarını 2 iyul – Azərbaycan Polisi Günü münasibəti ilə təbrik edib, Azərbaycan polisinin keçdiyi şərəfli tarixi yola nəzər salıb, sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və daxili sabitliyin yaradılmasında Azərbaycan polisinin müstəsna rolu olduğunu vurğulayaraq, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.
Sonra çıxış edən Milli Məclisin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev və rayon prokuroru Ramin Hüseynov Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna xidmətlərindən danışaraq, polis əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Göyçay rayon Polis şöbəsinin rəisi polis-polkovniki Müqalib Abdıyev Azərbaycan Polisi Günü münasibəti ilə şəxsi heyəti təbrik edib, səslənmiş bütün xoş söz və təbriklərə görə minnətdarlığını bildirərək Göyçay polisinin fəaliyətindən və gördüyü işlərdən söz açıb
Daha sonra rayonda ictimai asayişin qorunub saxlanılmasında və keçirilən tədbirlərin təhlükəsizliyinin təmin olunmasında fəal iştirak etdiklərinə görə bir qrup polis əməkdaşı Göyçay Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub.