Göyçayda 15 may “Beynəlxalq Ailə günü” münasibətilə tədbir keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 may “Beynəlxalq Ailə günü” münasibətilə Göyçay rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, rayon Qeydiyyat şöbəsinin müdiri Könül Məmmədova və rayon gəncləri iştirak ediblər.
Tədbir zamanı rayon Qeydiyyat şöbəsi tərəfindən rayon gəncləri Əli Zülfüqarov və Sevinc Mikayılovanın nikahları dövlət qeydiyyatına alınıb. Ailə quran gənclərə hədiyyələr təqdim edilib.
Nikahları qeydə alınmış gənclər Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ümummilli liderin zəngin həyat yolu və dövlətçilik fəaliyyətini əks etdirən foto materiallar və eksponatlarla tanış olublar.
Dəyirmi masa ətrafında davam edən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Z.Zeynalova çıxış edərək qeyd edib ki, ailə milli-mənəvi dəyərlərin təcəssümünün daşıyıcısıdır. Sağlam ailə-sağlam cəmiyyət deməkdir. Ölkəmizdə ailə hər zaman müqəddəs sayılıb və bu gün də cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir.
Rayon Qeydiyyat şöbəsinin müdiri K.Məmmədova çıxışında əhalinin, xüsusilə gənclərin erkən evlilik və qohum hesab edilən şəxslər arasında evliliklərin mənfi nəticələri barədə gəncləri məlumatlandırıb və nikah müqaviləsinin təşviqi barədə söz açıb.
Sonda Ümummilli Lider Heydər Əliyevin ailə dəyərləri barədə çıxışı əks olunmuş videoçarx nümayiş etdirilib.