Göyçayda 15 may “Beynəlxalq Ailə günü” münasibətilə Cəfərovlar ailəsi ziyarət olunub
15 may “Beynəlxalq Ailə günü” münasibətilə rayon ziyalısı “Respublikanın Əməkdar müəllimi” Yasin Cəfərovun ailəsi ilə görüş keçirilib.
Görüşdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, rayon Qeydiyyat şöbəsinin müdiri Könül Məmmədova və bir qrup rayon ziyalısı iştirak ediblər.
Görüş zamanı bildirilib ki, Yasin Cəfərov və İradə Ələkbərova 45 ildir ki, ailəlidirlər. Yasin Cəfərov uzun illər şəhər 5 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi, İradə Ələkbərova isə şəhər 1 nömrəli tam orta məktəbdə xarici dil müəllimi işləyiblər. Onlar üç qız, bir oğul tərbiyə edib böyüdüblər. Övladları ali təhsillidirlər. Yeddi nəvəsi olan Cəfərovların ilk nəvəsi 2024-2025-ci il tədris ilində 668 balla Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə qəbul olunub və hazırda əlaçı tələbə kimi təhsilini davam etdirir.
Yasin Cəfərov ailənin uzunömürlü və nümunəvi olmasının sirrini milli-mənəvi və ailə dəyərlərinin qorunub saxlanılmasında, qarşılıqlı hörmətin olmasında, vətənə, xalqa sevgi ilə yaşamaqda, bu ülvi duyğuların övladlarına aşılamaqda gördüyünü qeyd etmiş, gənc ailələrə də bu keyfiyyətləri qoruyub saxlamağı tövsiyə etmişdir.