Göyçayda 15 İyun-Milli Qurtuluş Günü münasibətilə elmi – praktik konfrans keçirilib
Göyçay Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun-Milli Qurtuluş Günü münasibətilə elmi – praktik konfrans keçirilib.
Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov çıxış edərək müasir Azərbaycan Dövlətinin qurulub, möhkəmlənməsində 15 iyun-Milli Qurtuluş tarixinin əhəmiyyətinin çox böyük olduğunu qeyd edib və xalqın təkidli tələbilə Ulu öndər Heydər Əliyevin Bakıya gəlməsi, Azərbaycanı vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas edildiyini bildirib
Elmi – praktiki konfransda dörd müxtəlif mövzuda məruzə dinlənilib.
Rayon Statistika İdarəsinin müdiri Teymur Şirinov “Heydər Əliyev və İqtisadi islahatlar” mövzusunda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin əməkdaşı Rəşad Məmmədov “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda, Çaxırlı kənd tam orta məktəbinin direktoru Günel Məhərrəmova “Ümummilli Lider Heydər Əliyevin milli təhsil sisteminin inkişafında rolu” mövzusunda, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göyçay filialının mütəxəssisi Vüsal Əhmədov “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” mövzusunda geniş məruzə edərək 15 iyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini vurğulayıb, ölkənin iqtisadi, siyasi, hərbi inkişafının məhz bu möhtəşəm tarixdən başladığını xüsusi qeyd ediblər.
Sonra YAP sıralarına yeni daxil olan bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.
Sonda 15 İyun-Milli Qurtuluş Günü tarixinə həsr edilmiş videoçarx nümayiş olunub.