Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda 15-ci “Nar Festivalı” keçirildi

13 noyabr 2023 | 16:41

11 noyabr 2023-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15-ci “Nar Festivalı” keçirilib.

Festivalda Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Dövlət Təhlükəsizlik Xidmətinin rəisinin müavini Şərafət Həsənov, Milli Məclisin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev, Afət Həsənova, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, yerli və xarici iş adamları, şəhid ailələri, 44 günlük vətən müharibəsi əlilləri və iştirakçıları, həmçinin respublikanın ətraf şəhər və rayonlarından gələn çoxsaylı qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Göyçay şəhərinin mərkəzində ucaldılmış abidəsini, daha sonra isə Göyçay Şəhidlər Xiyabanını ziyarət edib.

Göyçay Şəhər Stadionunda keçirilən nar festivalının açılış mərasimində milli geyimli qızlar qonaqlara nar şirəsi ilə qarşılayıb və döş nişanları təqdim ediblər.

Nar şahzadəsi tədbir iştirakçılarını salamlayıb və milli musiqi sədaları altında nar məhsullardan hazırlanmış sərgilərə baxış keçirilib.

Festivalda həmçinin yerli və xarici şirkətlərin məhsulları, kənd təsərrüfatı üçün faydalı texnikalar, müxtəlif əl işləri nümayiş etdirilib. Milli folklor qruplarının, idmançıların çıxışları, müsabiqələr və digər tədbirlər festivalda maraqla qarşılanıb.

Festivalda çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev dörd  illik  fasilədən sonra keçirilən 15-ci “Nar Festivalı”nın əlamətdar ilə “Heydər Əliyev ili”nə təsadüf etdiyini və ilk dəfədir ki, Azərbaycan xalqının tarixi qələbəsindən, böyük Zəfərindən sonra qalib və vahid Azərbaycanda keçirildiyini qeyd edib.  

Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Göyçaylı şəhidlərlə bağlı videoçarx nümayiş etdirilib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxış edərək Azərbaycanın əksər bölgələrində bağçılığın-meyvəçiliyin  inkişaf etdiyini, əhalinin  təsərrüfat və məişət həyatında əhəmiyyətli yer tutduğunu qeyd edib. İqlim torpaq şəraitinin rəngarəngliyi və zənginliynə görə Göyçay qiymətli nar növlərinin yetişdirildiyi mərkəz kimi qəbul edildiyini vurğulayıb.

Festivalda diqqət çəkən ən təsirli və qürurverici məqam 44 günlük Vətən müharibəsinin əlili Əfsun Salahov və Jalə Salahovanın nikah mərasimi olub. Rayon Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilən nikah mərasimindən sonra festival iştirakçıları yeni ailə quran gəncləri təbrik edib və onlarla bərabər rəqsə qoşulublar.

Ənənəvi olaraq “Ən böyük nar” və “Nar şirəsinin əllə daha tez və çox sıxılması” müsabiqələri keçirilib. Ən böyük narın çəkisi 1kq 800qr olub. 

Qeyd edək ki, “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” 2020-ci ilin dekabrın 16-da  UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 15-ci iclası zamanı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

Göyçayda  mövcud olan 3408 hektar nar bağının 118 hektarı bu il salınıb və cari ilin bugününədək 28 min ton məhsul yığımı həyata keçirilib. Rayonda nar yığımı hələ davam edir.

 

Keçidlər